Mənfəətli şirkətlər niyə yenə də pul axını problemləri ilə üzləşirlər?
Təəssüf ki, bir şirkət mənfəətlə işləsə də, pul axını ilə bağlı çətinliklərlə üzləşə bilər. İlk baxışdan bu, məntiqsiz görünə bilər. Lakin likvid vəsaitləri gündəlik əməliyyat ehtiyacları ilə balanslaşdırmağa çalışan bir çox kiçik və orta müəssisə (KOM) məhz bu problemlə qarşılaşır.KOMlar üçün mənfəəti real pul axınına çevirməyi və ya sifarişlərin qəbul edildiyi tarixlə vəsaitin bank hesabına daxil olduğu vaxt arasındakı fərqi idarə etməyi bacarmaq biznesin fəaliyyətini davam etdirməsi baxımından olduqca vacibdir.
Mənfəət niyə pul axını ilə eyni deyil?
Mənfəət şirkətlərin fəaliyyətlərinin nə dərəcədə uğurlu olduğunu qiymətləndirməsi üçün mühüm göstəricidir. Bu göstərici biznesin fəaliyyətini yalnız ümumi dövriyyəyə əsasən qiymətləndirməkdən daha dolğun təsəvvür yaradır.Lakin yüksək mənfəət marjası şirkətin pul axınının da güclü olması demək deyil.
Pul axınına təsir edən əsas problemlərdən biri ödənişlərin gecikdirilməsidir. Məsələn, şirkət sentyabr ayında tamamladığı layihəyə görə 50 000 funt sterlinq ödəniş alacağını gözləyir, lakin həmin məbləğ yalnız növbəti ilin yanvar ayında hesaba daxil olur. Bu müddət ərzində şirkətin təchizatçıları və əməliyyat prosesləri üzrə ödənişlər gözləməli olur.
Şirkət həmin vəsaiti əməkhaqqı, icarə haqqı və layihə ilə bağlı digər xərcləri qarşılamaq üçün nəzərdə tutmuşdu. Lakin ödənişin gecikməsi səbəbindən bu xərcləri dörd ay ərzində öz mövcud vəsaiti hesabına ödəməli olur.
Bununla belə, gecikmiş ödənişlər pul axınına təsir edən yeganə amil deyil. KOM-lar aşağıdakı problemlərlə də üzləşə bilərlər:
- Həddindən artıq mal ehtiyatının saxlanılması;
- Ümumi əməliyyat xərclərinin artması;
- Gözlənilməz maliyyə xərclərinin yaranması;
- Sürətli biznes artımı nəticəsində əlavə vəsaitə ehtiyacın yaranması.
Bütün şirkətlər gələcək mənfəətlərini təxmin etmək istəyirlər. Bu proqnozlar investisiyaların planlaşdırılmasına və sahibkarların biznesdən nə qədər mənfəət əldə edə biləcəklərini müəyyənləşdirməsinə kömək edir.
Lakin yalnız bu təxminlərə güvənmək risklidir. Çünki real biznes şəraiti proqnozlardan fərqlənə bilər.
Əgər şirkətin faktiki gəlirləri və mənfəəti gözlənilən səviyyəyə çatmazsa, pul axını problemləri yarana, investorların gözləntiləri doğrulmaya və strateji məqsədlərin həyata keçirilməsi çətinləşə bilər.
Şirkətlər pul axınını necə yaxşılaşdıra bilərlər?
Şirkətin maliyyə dayanıqlığını qoruması və ödəmə qabiliyyətini itirməməsi üçün sağlam pul axınının təmin edilməsi vacibdir.Pul axınını yaxşılaşdırmaq üçün şirkətlər aşağıdakı üsullardan istifadə edə bilərlər:
- Pul axınını müntəzəm izləmək: Pul axınının davamlı monitorinqi və proqnozlaşdırılması şirkətlərə mümkün maliyyə çatışmazlıqlarını əvvəlcədən müəyyən etməyə və vəsait qıtlığının qarşısını almağa kömək edir.
- Ehtiyat pul fondu yaratmaq: Ödənişlərin vaxtı çatana qədər mövcud vəsaiti qorumaq və istifadə edilməyən biznes abunəliklərini ləğv etmək pul vəsaitlərinin əsassız çıxışını azalda bilər. Bu yanaşma qeyri-müəyyən vəziyyətlər üçün maliyyə ehtiyatı yaratmağa imkan verir.
- Gecikmiş ödənişlərin qarşısını almaq: Şirkətlər layihə başa çatdıqdan dərhal sonra hesab-faktura təqdim etməli, işə başlamazdan əvvəl müştərilərdən ilkin ödəniş tələb etməli və ödəniş xatırlatmalarını avtomatlaşdırmalıdırlar. Bu tədbirlər ödənişlərin vaxtında alınması ehtimalını artırır.
- Pul vəsaitlərini sərbəst saxlamaq: Şirkətlər bütün vəsaitlərini mal ehtiyatlarına və avadanlıqlara bağlamamalıdırlar. İstifadə edilməyən ehtiyatların satılması, bahalı avadanlıqların isə birbaşa alınması əvəzinə icarəyə götürülməsi və ya lizinq yolu ilə əldə edilməsi bank hesabındakı vəsaitin qorunmasına kömək edə bilər.
KOMların uğuru yalnız mənfəət marjasından asılı deyil. Pul axınının düzgün idarə edilməsi şirkətin gündəlik öhdəliklərini vaxtında yerinə yetirməsi, maliyyə sabitliyini qoruması və uzunmüddətli inkişafını təmin etməsi üçün əsas şərtlərdən biridir.