Vergi və Vergi Uçotu Haqqında Ətraflı Məlumat
İlk öncə verginin nə olduğuna baxaq.
Vergi – dövlət xərclərini ödəmək məqsədi ilə bu dövlətdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin əldə etdiyi gəlirlərə, sahib olduğu mülkiyyətə və istehlak etdiyi nemətlərə görə tutulan, dövlət büdcəsinə ödənilən məcburi və əvəzsiz ödənişdir.Vergiləri digər ödənişlərdən fərqləndirən xüsusiyyətlər hansılardır?
a) Vergi ödənişləri hər hansı mal və ya xidmət əvəzində edilmir;b) Müəssisələrin bu cür ödənişi edib-etməməyə dair seçimləri yoxdur. Yəni bu ödənişlər məcburidir.
Vergi ödənişi qarşılığında müəssisə yalnız ölkədə fəaliyyət göstərmək və ya mülkiyyətə sahib olmaq hüququ əldə edir. Ödəyici bu ödənişləri etmədikdə fəaliyyətindən və mülkiyyət hüququndan məhrum edilə bilər.
Bəs vergi uçotu nədir?
Vergi tutmaq məqsədləri üçün Vergi Məcəlləsinə əsaslanaraq və onun tələblərinə uyğun şəkildə aparılan uçot vergi uçotu adlanır.Digər tərəfdən, vergi bazasının və verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiləşdirilmiş uçotunun aparılması yolu ilə konkret vergi üzrə vergi bazasının formalaşması haqqında informasiyaların pul ifadəsində toplanması, qeydiyyata alınması və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.
Bu uçotun aparılmasında əsas məqsəd nədir?
Vergi və sosial ödənişlərin uçotunun aparılması və bəyannamələrin tərtib olunmasında əsas məqsəd dövlətin maraqlarının təmin edilməsidir. Bu proses Azərbaycan Respublikasının Vergi Məcəlləsi, “Sosial Sığorta haqqında” Qanun, Mülki Məcəllə və digər qanunvericilik aktları ilə tənzimlənir.Vergi uçotunun funksiyaları nələrdir?
Vergi ödəyicilərinin öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri informasiyaları toplamaq və onları müəyyən edilmiş qaydada qeydə almaq;Vergi informasiyalarını mühasibat uçotunun hesablarında, eləcə də mühasibat və vergi registrlərində vaxtında əks etdirmək;
Hər bir vergi ödəyicisinin öhdəlik səviyyəsini düzgün müəyyən etmək;
Vergi hesabatlarının və vergi informasiyalarının düzgün formalaşdırılmasına nəzarət etmək.
Verginin tutulma formaları
Verginin tutulması aşağıdakı 3 formada aparılır:1. Gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması (bilavasitə mənbədən)
Bu halda vergi ödəyicinin əlinə gəlirin tam məbləği çatmamış tutulur. Bu üsul mənbədən tutulma qaydası adlanır.
2. Gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması (bəyannamə üzrə)
Bu halda vergi ödəyicisinin fəaliyyəti nəticəsində gəlirin tam məbləği əldə edildikdən sonra vergi tutulur. Bu üsul bəyannamə üzrə tutulma forması adlanır.
3. Vergitutma obyektinin (məsələn, əmlakın) mövcudluğunun bildirilməsindən sonra verginin tutulması (bildiriş üzrə)
Bu forma vergi orqanı və ya bələdiyyə tərəfindən verilən bildiriş əsasında tətbiq edilir. Buna bildiriş üzrə tutulma forması deyilir.
Vergi uçotu aparılarkən formalaşdırılan sənədlər
Müəssisələr tərəfindən vergi uçotu aparılarkən zəruri sənədlər formalaşdırılır. Bu sənədlərə aşağıdakılar daxildir:1. Uçot-hesabat sənədləri
Bu sənədlər vergi öhdəliyinin məbləğini əks etdirir. Hər bir vergi növü üzrə ayrıca bəyannamə forması müəyyən edilmişdir. Uçot-hesabat sənədləri müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalandıqdan sonra vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim olunur.
2. Müşayiətedici sənədlər
Bu sənədlər vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarında göstərilən məlumatları əsaslandıran və şərh edən arayış materiallarıdır.
3. Vergi uçotu registrləri
Təsərrüfat subyektlərində vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır. Bu registrlərdə ilkin mühasibat sənədlərində əks olunan və vergi uçotunda göstərilməsi zəruri olan məlumatlar toplanır və sistemləşdirilir.