Yeniliklər

Yalnız Sadələşdirilmiş Verginin Ödəyiciləri Kimlərdir?

Sadələşdirilmiş vergi rejimi müəyyən fəaliyyət növləri və dövriyyə həcminə uyğun olaraq tətbiq olunur. Aşağıda sadələşdirilmiş verginin ödəyiciləri, bu hüquqa malik olan şəxslər və bu rejimi tətbiq edə bilməyən şəxslər barədə ətraflı məlumat təqdim olunur.


Sadələşdirilmiş Verginin Ödəyiciləri

Aşağıdakı şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:

  • Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər (bu fəaliyyət üzrə könüllü ƏDV qeydiyyatına alınan şəxslər istisna olmaqla);

  • İdman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər;

  • Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;

  • Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;

  • Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, vergini aylıq sabit dərəcəyə müvafiq əmsallar tətbiq edilməklə məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı ilə birlikdə ödəyən və həmin fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər.


Sadələşdirilmiş Verginin Ödəyicisi Olmaq Hüququna Malik Şəxslər

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:

  • ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan şəxslər.

Bu şəxslər hər il aprel ayının 20-dən gec olmayaraq “Sadələşdirilmiş verginin bəyannaməsi”ni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməlidir.

Bu halda seçilən metodun təqvim ilinin sonunadək dəyişdirilməsi hüququ olmur.

  • Qeyd olunan müddətdə bəyannamə və ya yazılı məlumat təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir.

  • İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna alınmaq üçün təqdim etdiyi ərizədə seçdiyi metodu tətbiq edir.

  • Vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.

  • Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.

Bu şəxslərin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə və vergi ödəyicisi bu rejimdə azı 1 il ərzində fəaliyyət göstərmişdirsə, o, istənilən vaxt fəaliyyətini sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.


Sadələşdirilmiş Verginin Ödəyicisi Ola Bilməyən Şəxslər

Aşağıdakı şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər:

  • Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsi həyata keçirən şəxslər (respublika ərazisində sərnişindaşıma (o cümlədən taksi ilə) fəaliyyəti həyata keçirən və aylıq sabit verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödəyiciləri olan fiziki şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla);

  • Kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar;

  • Yuxarıda göstərilən müddəalar icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir;

  • Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;

  • Qeyri-dövlət pensiya fondları;

  • Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;

  • Mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və sadələşdirilmiş verginin ödəyiciləri olan şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər;

  • Publik hüquqi şəxslər;

  • Rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

  • Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

  • Aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər;

  • Qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;

  • Xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

  • İcbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

Xidmətlərlə bağlı sualınız var? Biz sizə zəng edək