Yeniliklər

Vergi Məcəlləsində dəyişiklik: POS-terminal əməliyyatları nəzərə alınmaqla ƏDV qeydiyyat limitinin 400 min manata yüksəldilməsi

ƏDV qeydiyyatı üzrə həddin artırılması ilə bağlı yeniliklər

“Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi Milli Məclisin üçüncü oxunuşunda təsdiqlənib. Qəbul olunmuş dəyişikliklər çərçivəsində nağdsız hesablaşmaların genişləndirilməsi və iqtisadi münasibətlərdə şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə, biznes subyektləri ilə əhali arasında aparılan əməliyyatlarda nağdsız ödənişlərin təşviqi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

Mövcud qanunvericiliyə əsasən, ardıcıl 12 ay ərzində vergi tutulan əməliyyatlarının həcmi 200 min manatı aşan şəxslər məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdırlar. 2026-cı ildən başlayaraq pərakəndə ticarət və əhaliyə xidmət sahələrində bu hədd POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlar nəzərə alınmaqla ikiqat artırılaraq 400 min manata çatdırılacaq.

Praktiki vəziyyət 1.

Pərakəndə satış fəaliyyəti göstərən fərdi sahibkarın son 12 ay ərzində POS-terminal üzərindən həyata keçirdiyi nağdsız əməliyyatların həcmi 250 min manat, nağd əməliyyatların həcmi isə 50 min manat təşkil edib. Ümumi dövriyyə 300 min manat olsa da, yeni qaydalara əsasən, nağdsız əməliyyatların yalnız 50 faizi nəzərə alınır. Bu halda ƏDV məqsədləri üçün hesablanan dövriyyə 175 min manat təşkil edir. Nəticə etibarilə, məcburi qeydiyyat həddi (200 min manat) aşılmadığı üçün sahibkarın ƏDV qeydiyyatı öhdəliyi yaranmır.


Praktiki vəziyyət 2.

Hüquq xidmətləri göstərən şirkət 12 aylıq müddət ərzində bütün satışlarını POS-terminal vasitəsilə nağdsız qaydada həyata keçirib və ümumi dövriyyə 400 min manat olub. Dəyişikliklərə uyğun olaraq, bu məbləğin 50 faizi – yəni 200 min manat – ƏDV məqsədləri üçün nəzərə alınır. Hesablanan dövriyyə məcburi qeydiyyat həddini keçmədiyindən, şirkətin ƏDV qeydiyyatı öhdəliyi formalaşmır.


Praktiki vəziyyət 3.

Tərcümə xidməti göstərən fərdi sahibkarın 12 ay ərzində POS-terminal vasitəsilə apardığı nağdsız əməliyyatlar 250 min manat, nağd əməliyyatlar isə 100 min manat olub. Ümumi dövriyyə 350 min manat təşkil etsə də, qaydalara əsasən nağdsız əməliyyatların 50 faizi nəzərə alınır. Bu halda ƏDV üçün hesablanan dövriyyə 225 min manat müəyyən edilir. Göstərilən məbləğ 200 min manatlıq məcburi qeydiyyat həddini aşdığı üçün sahibkar ƏDV qeydiyyatına alınmalıdır.



Xidmətlərlə bağlı sualınız var? Biz sizə zəng edək