Yeniliklər

Performans qiymətləndirmə sistemi necə qurulmalıdır?

Performans qiymətləndirmə sisteminin tətbiqi


Şirkətlər üçün effektiv performans qiymətləndirmə sisteminin qurulması həm təşkilatın, həm də əməkdaşların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu sistem işçilərin fəaliyyətini obyektiv qiymətləndirməyə, onların potensialını müəyyən etməyə və təşkilatın strateji məqsədlərinə uyğun inkişafını təmin etməyə kömək edir. Mövcud qiymətləndirmə prosesi olmayan və ya istifadə etdiyi sistemdən istədiyi nəticəni əldə edə bilməyən şirkətlər fəaliyyətlərinə uyğun performans qiymətləndirmə modeli tətbiq etməlidirlər.


Performans qiymətləndirmə sisteminin məqsədi

Performans qiymətləndirməsinin əsas məqsədi əməkdaşların motivasiyasını artırmaq, onların şirkətə bağlılığını gücləndirmək və ümumi biznes nəticələrini yaxşılaşdırmaqdır.

Şirkət baxımından bu sistem:

  • Strateji məqsədlərin bütün təşkilat üzrə düzgün bölüşdürülməsinə kömək edir;
  • Əməkdaşların bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan yaradır;
  • Resursların daha səmərəli idarə olunmasını təmin edir;
  • Karyera inkişafı, daxili rotasiya və istedadların qorunması üçün əsas yaradır;
  • Bonus, mükafat və əməkhaqqı artımı kimi qərarların daha obyektiv qəbul edilməsinə imkan verir.

Əməkdaş baxımından isə performans qiymətləndirməsi:

  • Güclü və inkişaf etdirilməli tərəfləri müəyyənləşdirir;
  • Gözləntiləri daha aydın göstərir;
  • Peşəkar inkişaf istiqamətlərini formalaşdırır;
  • Menecerlər tərəfindən verilən konstruktiv rəy vasitəsilə motivasiyanı artırır.


Performans qiymətləndirmə sistemləri

Uzun illər ərzində ən geniş istifadə olunan model illik performans qiymətləndirməsi olmuşdur. Bu zaman rəhbər və əməkdaş arasında keçirilən görüşdə ötən dövr ərzində əldə olunan nəticələr, qarşıya qoyulmuş məqsədlərin icrası və növbəti dövr üçün hədəflər müzakirə edilir.

Belə qiymətləndirmə zamanı adətən aşağıdakı məsələlər nəzərdən keçirilir:

  • İş nəticələrinin qiymətləndirilməsi;
  • Bacarıq və kompetensiyaların təhlili;
  • Təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Karyera perspektivlərinin müzakirəsi.

Bir çox şirkətlər qiymətləndirməni daha obyektiv etmək üçün kompetensiya modellərindən istifadə edirlər. Bu modellərə liderlik, qərarvermə, ünsiyyət, komanda işi, problem həll etmə kimi əsas bacarıqlar daxil edilir və hər biri müəyyən meyarlar üzrə qiymətləndirilir.

Qiymətləndirmə sisteminin nəticələri isə müxtəlif məqsədlər üçün istifadə oluna bilər:

  • Əməkhaqqı artımı;
  • Bonusların hesablanması;
  • Təlim planlarının hazırlanması;
  • Karyera inkişafı və vəzifə yüksəlişi.


Müasir yanaşmalar

Son illərdə ənənəvi illik qiymətləndirmə sistemi bir çox şirkətlər tərəfindən daha çevik metodlarla əvəz olunur.

Bunlara daxildir:

  • Rüblük performans görüşləri;
  • Menecer və əməkdaş arasında müntəzəm fərdi görüşlər (One-to-One);
  • 360 dərəcə qiymətləndirmə, yəni əməkdaşın rəhbər, həmkar və bəzən tabeliyində çalışan şəxslər tərəfindən qiymətləndirilməsi;
  • Davamlı geribildirim (Continuous Feedback) sistemi.

Xüsusilə yeni nəsil əməkdaşlar davamlı və operativ geribildirimi daha faydalı hesab edirlər. Bu yanaşma problemlərin vaxtında aradan qaldırılmasına və inkişafın daha sürətli təmin edilməsinə imkan yaradır.


Performans qiymətləndirmə sistemi necə tətbiq olunmalıdır?

Sistemin uğurla tətbiqi üçün ilk addım şirkətin ehtiyaclarının düzgün müəyyən edilməsidir. Təşkilat aşağıdakı suallara cavab verməlidir:

  • Qiymətləndirmədən əsas məqsəd nədir?
  • Hansı model şirkət üçün daha uyğundur?
  • Nəticələr hansı qərarların qəbulunda istifadə olunacaq?

Bundan sonra sistemin bütün elementləri hazırlanmalıdır:

  • Qiymətləndirmənin formatı;
  • Qiymətləndirmə meyarları;
  • İstifadə ediləcək göstəricilər (KPI və s.);
  • Qiymətləndirmənin tezliyi;
  • Elektron platforma və ya qiymətləndirmə forması.

Növbəti mərhələdə isə istifadə olunacaq alətlər hazırlanır. Şirkət qiymətləndirməni kağız üzərində, xüsusi proqram təminatı və ya rəqəmsal platformalar vasitəsilə həyata keçirə bilər.


Menecerlərin hazırlanması uğurun əsas şərtidir

Performans qiymətləndirmə sisteminin effektivliyi böyük ölçüdə rəhbərlərin bu prosesi düzgün idarə etməsindən asılıdır. Buna görə də menecerlər:

  • düzgün hədəflər müəyyən etməyi;
  • obyektiv qiymətləndirmə aparmağı;
  • konstruktiv geribildirim verməyi;
  • əməkdaşların inkişaf planlarını hazırlamağı bacarmalıdırlar.

Eyni zamanda bütün əməkdaşlar yeni sistemin məqsədi, işləmə prinsipi və qiymətləndirmə meyarları barədə məlumatlandırılmalıdırlar.


Performans qiymətləndirmə sisteminin qurulması şirkətin uzunmüddətli inkişafına mühüm töhfə verir. Düzgün hazırlanmış və effektiv tətbiq olunan sistem əməkdaşların motivasiyasını artırır, istedadların inkişafını dəstəkləyir, idarəetmə qərarlarını obyektivləşdirir və təşkilatın ümumi məhsuldarlığını yüksəldir. Bu səbəbdən performans qiymətləndirməsi yalnız HR prosesi deyil, həm də şirkətin strateji idarəetmə alətlərindən biri hesab olunur.

 

Xidmətlərlə bağlı sualınız var? Biz sizə zəng edək